Elektron arayışlar nə üçün populyarlaşmır ?
12/05/2015 572

Elektron arayışlar nə üçün populyarlaşmır ?

“Elektron arayışlardan istifadənin kütləviləşməsi, elektron arayışların, sənədlərin elektron sürətlərinin və elektron etibarnamələrin dövlət qurumları tərəfindən tanınması” ilə bağlı təkliflər hazırlanacaq.

Bununla bağlı  Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura yaxın günlərdə toplantı keçirəcək.

İctimai Şuranın kordinatoru Osman Gündüz Xeberler.az-a bildirib ki, iclasda Elektron hökumət Portalı və digər dövlət qurumlarının informasiya sistemləri vasitəsilə əldə olunan elektron arayışların sayının və populyarlığının artırılması istiqamətində müzakirələr aparılacaq : “Şura budəfəki toplantısında elektron arayışlardan istifadə, sənədlərin elektron surətlərinin və elektron etibarnamələrin dövlət qurumları tərəfindən tanınması məsələsini də müzakirə etməyə hazırlaşır”.

Osman Gündüzün sözlərinə görə, hazırda İctimai Şura tərəfindən qeyd olunan istiqamətdə araşdırmalar aparılır.

Şuradan Xəbərlər-ə bildirilib ki, indiyə qədər Elektron Hökumət portalının operatoru Məlumat Hesablama Mərkəzi tərəfindən 9 arayışın elektron formada əldə edilməsi imkanı yaradılıb.

Şuranın məlumatına görə, bu e-arayışları Elektron hökumət portal üzərindən əldə etmək mümkündür. Qeyd edilib ki, hələlik e- arayışlar az sayda dövlət və özəl qurumlar tərəfindən tanınır. Bu baxımdan Şuranın müzakirələrinin yekunu olaraq məsələ ilə bağlı təkliflər hazırlanacaq. Təkliflər  isə e- arayışlardan istifadə sahəsində mövcud hüquqi və texniki –texnoloji problemlərin aradan qaldırılması, elektron arayışların populyarlıq səviyyəsinin yüksəldilməsi, fərdi məlumatlar üzrə dövlət informasiya sistemlərinin FİN-ə uyğunlaşdırılması ilə bağlı olacaq.

Qeyd edək ki, təkliflər Elektron xidmətlərin təşviqi üzrə İctimai Şurada müzakirə edilərək VXSİ Dövlət Agentliyinə və Rabitə və Yüksək Texnologiylar Nazirliyinə ( RYTN)  təqdim ediləcək.

Məltəm Talıbzadə 

 


Tarix: 12/05/2015