Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib
16/02/2019 1767

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın Elektron Hökumətin İnkişafı Mərkəzində  toplantısı keçirilib.

Xeberler.az  bildirir ki, bu haqda İctimai Şuranın kordinatoru Osman Gündüz məlumat verib. Toplantıda  “Elektron kənd təsərrüfatı sistemi” və “Tikintiyə icazə üçün elektron müraciət sistemi”nin təqdimatları olub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İT şöbəsinin müdiri Rüfət Mahmud tikintiyə icazə üçün onlayn  müraciət sisteminin Prezidentin 2018-ci il 28 dekabr tarixli   müvafiq fərmanı əsasında hazırlandığını bildirib. Sistem Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə  birgə hazırlanıb.

Sistemdə hələlik Bakı şəhəri üzrə fəaliyyət göstərəcək və hazırda yalnız ekspertiza tələb olunmayan tikintilər üçün icazənin elektronlaşması nəzərdə tutulub. Tikintiyə başlamaq istəyən vətəndaş və ya hüquqi şəxs qeyd olunan sistemə elektron qaydada müraciət edərək, tələb olunan sənədləri elektron formada yükləməklə 15 iş günü müddətində tikintiyə icazəni, 10 gün ərzində isə istismara icazəni əldə edəcək. Sistemin beta versiyası hazırdı və gələn həftədən əsas versiyanın  işə salınması nəzərdə  tutulub.

Elektron kənd təsərrüfatı sistemi ilə bağlı Kənd təsərrüfatı nazirliyinin Elektron kənd təsərrüfatı və informasiya sistemlərinin inkişafı departamentinin müdiri Nail İsmayılov təqdimat edib və sistemin özəllikləri ilə bağlı məlumat verib.

O, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə hazırlanan sistemin  əsas prisniplərinin aqrar sahədə biznes proseslərinin sadələşdirilməsi, optimallaşdırılması, fermerə daha yaxın olmaq, problemlərin həllinə dəstək vermək, əlavə vaxt itkisini və bürokratik əngəlləri aradan qaldırılması, şəffaflığın təmin olunması, elektron sistemin kənd təsərrüfatında tətbiq olunması prosesində fermerə  lazımi xidmətlərin  heç bir yerə getmədən, əlavə xərc çəkmədən, elektron qaydada müraciətin edilməsi və xidmətin alınmasını təmin etmək olduğunu bildirib.

Nazirlikdə indiyədək mövcud olan informasiya sistemlərinin də bura inteqrasiya olunacağı diqqətə çatdırılıb.

İctimai Şuranın toplantısında hər iki təqdimatlar ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb. Eyni zamanda sistemlərin təkmilləşdirilməsi üçün təkliflər verilib.


Tarix: 16/02/2019