Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti iclası keçirilib
10/04/2017 1793

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti iclası keçirilib

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə (VXSİ) Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti iclası keçirilib.

Xeberler.az-ın məlumatına görə, iclasda elektron hökumət quruculuğunun inkişafı ilə bağlı qəbul edilməsi nəzərdə tutulan Dövlət Proqramı  layihəsi ətrafında müzakirələr aparılıb.

Məlumat verdiyimiz kimi, 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən “Elektron hökumət”in inkişafına dair Dövlət proqramı layihəsinin hazırlanması ilə bağlı fərman imzalanıb.

 

Müzakirələrdə belə bir məlumat nəzərə alınıb ki, bir neçə il öncə Proqramın sonuncu versiyası hökumətə təqdim edilsə də, indiyədək təsdiqlənməyib.

Toplantıda bununla bağlı fikri mübadiləsi aparılıb və adı çəkilən Dövlət Proqramının  qəbulu ilə bağlı işlərin hansı vəziyyətdə olması, növbəti addımlarla bağla hökumətə müraciət edilməsi məqsədəuyğun hesab edilib.

Həmçinin Şuranın toplantısında dövlət xidmətlərinin “ASAN xidmət indeksi" ilə qiymətləndirilməsi ilə bağlı VXSİ Dövlət Agentliyinin hazırladığı qiymətləndirmə mexanizmləri ətrafında müzakirələr aparılıb.

Məlum olduğu, kimi Prezidentin 11 sentyabr 2014-cü il tarixli Fərmanı ilə Dövlət xidmətlərinin Elektron reyestrinə daxil edilən xidmətlərin “ASAN xidmət indeksi” vasitəsilə qiymətləndirilməsi Qaydalarının hazırlanması nəzərdə tutulub.

İctimai Şuranın toplantısında Qiymətləndirmə prosesində istifadə olunacaq alətlərlə, qiymətləndrimə meyarları ilə bağlı geniş fikir mübadiləsi olub. Həmçinin, “ASAN xiidmət indeksi”nin təkmilləşdirilməsi istiqamətində faydalı təkliflər irəli sürülüb.

Toplantıda Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın fəaliyyətinin təkmilləşdirilməsi, Şura üzvlərinin siyahısının yeni redaksiyada təsdiqi ilə bağlı VXSİ Dövlət Agentliyinin sədri İnam Kərimovun yeni əmri də diqqətə çatdırılıb.

Əmrdə İctimai Şuranın Əsasnaməsinin təkmilləşdirilməsi də nəzərdə tutulub. Eyni zamanda İqtisadi və Sosial İnkişaf üzrə Mərkəzin rəhbəri Vüqar Bayramov İctimai Şuraya üzv qəbul edilib. 

Xeberler.az


Tarix: 10/04/2017