Elektron hökumət proqramı üçün pul tapılmır
23/09/2015 11

Elektron hökumət proqramı üçün pul tapılmır

 

“Elektron hökumətin”  inkişafına dair Dövlət proqramı niyə ləngiyir?

2013-cü ildə Prezident İlham Əliyev tərəfindən “Elektron hökumət”in inkişafına dair Dövlət proqramı layihəsinin  hazırlanması ilə bağlı fərman imzalanıb.

Fərmanda dövlət proqramının 2013-2015-ci illəri əhatə etməsi nəzərdə tutulurdu.

Layihənin hazırlanması üçün əlaqələndirici qurumlar olaraq Rabitə və Yüksək Texnologiyalar nazirliyi və  Azərbaycan Respublikası prezidenti yanında Vətəndaşlara  Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi müəyyən olunmuşdu.  Rəsmi qurumlar  tərəfindən  proqram layihəsinin hazırlanaraq razılaşdırılması üçün aidiyyatı qurumlara göndərilməsi ilə bağlı Xəbərlər bir neçə dəfə məlumat verib.
Lakin hələ də “Elektron hökumətin inkişafı haqqında” dövlət proqramı təsdiq edilməyib. Bizdə olan məlumata görə, proqramın layihəsi bütün qurumlarla razılaşdırılsa da, Maliyyə Nazirliyi  layihəyə hələ də rəy verməyib.

Məsələylə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev Xəbərlər-ə bildirib ki, hazırda proqramın layihəsinin  müvafiq qurumlarla razılaşdırılması istiqamətində işlər aparılır.

İsfəndiyar Əliyevin sözlərinə görə, layihənin təsdiqə təqdim edilməsi üçün Nazirlik rəsmisi onu da bildirib ki, layihənin həyata keçiriləcəyi vaxt hələki dəqiqləşməyib.

Azərbaycan Respublikası prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Ceyhun Salmanov Xəbərlər-ə bildirib ki, Rabitə və Yüksək texnologiyalar Nazirliyi tərəfindən ASAN xidmətə layihə ilə bağlı gələn məktuba müsbət rəy verilib və bir ay əvvəl məktub Nazirliyə geri göndərilib.

Azərbaycan İnternet Forumunun prezidenti, Elektron Xidmətlərin təşviqi üzrə İctimai Şuranın kordinatoru Osman Gündüz isə məsələyə münasibət bildirərkən qeyd edib ki, layihənin son variantı vətəndaş cəmiyyətinin də iştirakı ilə ötən il müzakirə edilərək qəbul edilib və aidiyyatı qurumlara göndərilib. “Güman ki, proqramın layihəsinin, daha doğrusu onun maliyyə təminatının  Maliyyə Nazirliyi  ilə razılaşdırılmasında problemlər  yaranıb” , deyə Osman Gündüz qeyd edib.

Onun sözlərinə görə, buna səbəb isə nazirliyin layihədə qeyd olunan məsələlər üzrə maliyyə xərclərinin daha da optimallaşdırılmasını və dəqiqləşdirilməsini tələb etməsidir.

Osman Gündüz elektron hökumət quruculuğu sahəsində xeyli ciddi layihələrin maliyyələşməsinə ehtiyac olduğunu diqqətə çatdırıb və “Elektron hökumət”in inkişafına dair Dövlət proqramının bu qədər uzanmasının, bu qədər ləngimələrə yol verilməsinin də xoşagəlməz olduğunu bildirib.

O, xeyli sayda dövlət qurumlarının sosial və ictimai əhəmiyyət kəsb edən xidmətlərinin elektron formaya keçirilməsi üçün daxili imkanlarının yetərli olmadığını  diqqətə çatdırıb.

Məltəm Talıbzadə


Tarix: 23/09/2015