Elektron sənədlərlə kargüzarlığın aparılması qaydaları qəbul edildi
15/07/2015 801

Elektron sənədlərlə kargüzarlığın aparılması qaydaları qəbul edildi

Dövlət başçısı İlham Əliyev “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmana dəyişiklik edib. 

Xeberler.az-ın məlumatına görə, dəyişikliklərlə bağlı Prezidentin imzaladığı yeni Fərmanda kargüzarlığı  bu Qaydalara uyğun olaraq aparmalı olan  təşkilatların siyahısı xeyli  genişləndirilib.

Belə ki, 935  nömrəli Fərmanla  təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair  Təlimatın adında “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında” sözləri ilə əvəz edilib.

Bu isə onu göstərir ki,  kargüzarlığı bu Təlimata uyğun aparmalı olan təşkilatların əhatə dairəsi xeyli genişləndirilib. 

Təlimata olan əsas əlavə isə “Elektron sənədlərlə bağlı kargüzarlığın aparılmasının xüsusiyyətləri” adlı tamamilə yeni  bölmədən ibarətdir.

Bu yeni əlavələrdə isə təşkilata  kargüzarlığı elektron formada da aparmaq hüququ verilir.

Bu məqsədlə təşkilat xüsusi informasiya sistemi tətbiq etməlidir. Bu informasiya sistemi təşkilatlarda elektron sənədlərlə kargüzarlığın aparılması üçün zəruri funksiyalara malik olmalıdır.

Dəyişikliklərə görə, bu informasiya sistemi aşağıdakı funksiyalara malik olur:

elektron sənədin yaradılması;

rekvizitlərin və gücləndirilmiş elektron imzanın əlavə edilməsi;

elektron sənədin göndərilməsi;

 elektron sənədin həqiqiliyinin yoxlanılması;

elektron sənədin alınmasının təsdiqi;

daxil olan və ya göndərilən elektron sənədin qeydiyyatı;

elektron sənədin yaradılması, qeydə alınması, göndərilməsi və saxlanılması zamanı kollektiv işin təmin edilməsi;

elektron sənədin icrasına nəzarət;

elektron sənədin axtarışı;

elektron sənədin saxlanılması.

Yeni qaydalara görə elektron sənəd aşağıdakı tələblərə cavab verməlidir:

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilən tələblərə cavab verməlidir,

elektron sənəd “Unicode” standartını,  “UTF-8” formatını dəstəkləməlidir;

elektron sənədin cədvəl, təqdimat, mətn, qrafik və arxivləşdirmə redaktorlarında oxunma və redaktə olunma imkanları olmalıdır;

Yeni Təlimatda həmçinin, Elektron sənədin qəbul edilməsi prosedurası da  öz əksini tapıb.  

Yeni qaydalar görə, Elektron sənədlərin və onların arxivlərinin saxlanılması qaydası aşağıdakı formada həyata keçiriləcək :

-Elektron sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron informasiya daşıyıcılarında onların bu daşıyıcılarda bütövlüyünü yoxlamağa imkan verəcək formada saxlanılmalıdır;

-Eelektron sənədlərin elektron informasiya daşıyıcılarında saxlanılması müddəti müvafiq sənədlərin kağız daşıyıcıları üçün “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş müddətdən az olmamalıdır;

Elektron sənədin mühafizəsi isə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa və “İdarələrarası elektron sənəd dövriyyəsi haqqında Əsasnamə”yə uyğun olaraq təmin olunacaq.

Elektron kargüzarlıqdan əlavə yeni Təlimatda “Qeydə alınması tələb olunmayan korrespondensiyanın siyahısı” adlı  daha bir   əlavə də  daxil edilib. Burada kargüzarlıq prosesində qeydə alınmayan sənədlərin siyahısı  (Reklam xarakterli bukletlər, bildirişlər, plakatlar, qiymət cədvəlləri , dəvətnamələr, biletlər, toplantı və konfrans proqramları, təbrik açıqcalar  mühasibat sənədləri, müqavilələr, hesab-fakturalar, smetalar və s. ) öz əksini tapıb.

Dəyişikliklərin tam mətnini buradan əldə etmək olar.

 Xeberler.az


Tarix: 15/07/2015