Elektron xidmətlərin kütləviləşməsi müzakirə olunub
26/05/2015 709

Elektron xidmətlərin kütləviləşməsi müzakirə olunub

 

Bu gün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib.

Xeberler.az-ın məlumatına görə,  toplantıda Elektron Hökumət Portalının operatoru – RYTN Məlumat Hesablama Mərkəzinin şöbə müdiri İlqar Abdullayev , VXSİ  Dövlət Agentliyinin şöbə müdiri Ceyhun Salmanov, bu qurumun əməkdaşı Adil Əkbərov da iştirak edib.

İctimai Şuranın kordinatoru Osman Gündüz toplantını açaraq  qeyd edib ki, tədbirin əsas məqsədi elektron xidmətlərin kütləviliyinin artırılmasına, elektron arayışların və elektron sənədlərin dövlət qurumları tərəfindən tanınması prosesinin sürətləndirilməsinə köməklik istiqamətində İctimai Şura tərəfindən hazırlanan təkliflərin müzakirəsidir. 

Müzakirələrdə İctimai Şuranın üzvləri Sabit Bağırov, Hafiz Həsənov, Məhəmməd Muradov,  həmçinin adı  çəkilən dövlət qurumların şöbə müdirləri İlqar Abdullayev və Ceyhun Salmanov çıxış ediblər.

Tədbirdə  həmçinin mövcud qanunvericiliyə, “Elektron sənədlərin mübadiləsi qaydası”na və “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat” a uyğun olaraq  mövcud informasiya sistemlərindən əldə edilən e-arayışların dövlət qurumları tərəfindən tanınması məsələsi ətrafında müzakirələr olub.

Müzakirələrdə bu günə qədər  Elektron Hökumət Portalı tərəfindən 9 müxtəlif arayışın elektron formada əldə edilməsi imkanlarının mövcud olduğu diqqətə çatdırılıb.

Qeyd edilib ki, ölkədə son dövrlərdə elektron hökumət quruculuğu prosesində hüquqi tənzimləmə məsələləri texnoloji proseslərə nisbətən ləng inkişaf edir. Vurğulanıb ki, ümumiyyətlə bir sıra hüquqi normativ sənədlərin elektron hökumət quruculuğu baxımından yenidən nəzərdən keçirilməlidir. Toplantıda elektron hökumət quruculuğu sahəsində  hüquqi islahatların zəruriliyi ətrafında da   müzakirələr aparılıb. 

Müzakirələrin yekunu olaraq Elektron Xidmətlərin təşviqi üzrə İctimai Şuranın hazırladığı təkliflərinin yenidən işlənərək VXSİ Dövlət Agentliyinə və RYTN-nə təqdim edilməsi nəzərdə tutulub.

 

Məltəm Talıbzadə


Tarix: 26/05/2015