Yerli icra hakimiyyətlərinin də xidmətləri elektronlaşacaq
25/05/2016 988

Yerli icra hakimiyyətlərinin də xidmətləri elektronlaşacaq

Bu gün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə (VXSİ) Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib.

Xeberler.az-ın məlumatına görə, toplantıda yerli icra hakimiyyətlərində elektron xidmətlərin təşkili ilə bağlı məsələ müzakirə olunub.

Toplantıda VXSİ Dövlət Agentliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Elektron Hökumət Portalının Operatoru -MHM-in və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin nümayəndələri də iştirak edib.

Toplantıda İctimai Şura tərəfindən əvvəllər  VXSİ Dövlət Agentliyinə təqdim edilən təkliflərin reallaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.

İctimai Şuranın koordinatoru Osman Gündüz  hazırda yerli icra hakimiyyətlərində   və bələdiyyələrdə  xidmətlərin elektron formaya keçirilməsi prosesinin kifayət qədər ləngidiyini diqqətə çatdırıb. O, hər bir yerli icra orqanı üzrə  Dövlət Reyestrinə daxil edilən xidmətlər haqqında məlumatların  heç birisinin  yerli icra orqanlarının saytlarında olmadığını bildirib.
O, ümumiyyətlə,  regionlarda elektron hökumət quruculuğunun çox ləng getdiyini və bu prosesin  sürətləndirilməsinin vacibliyini qeyd edib.

O, bu istiqamətdə Təkliflərin hazırlanmasının vacib olduğunu bildirib.

Müzakirələrdə İctimai Şuranın üzvləri Əliməmməd Nuriyev, İsmayıl Ələkbərov, Sahib Məmmədov, Məhəmməd Muradov, Vasif Mövsümov  və  adı çəkilən rəsmi qurumların nümayəndələri  iştirak ediblər.

Dövlət Agentliyi və RYTN nümayəndələri yerli icra hakimiyyətlərinin göstərdikləri xidmətlərin müəyyən  olunması və bu xidmətlərdən hansıların elektron formaya keçirilməsi istqiamətində müəyyən addımlar atıldığını, bəzi icra hakimiyyətləri ilə bu istiqamətdə  görüşlərin keçirildiyini  bildiriblər.

Bununla belə cəmi bir rayonda yalnız bir xidmətin elektron formaya keçirildiyi vurğulanıb.

Müzakirələrdə yerli icra orqanlarında elektron xidmətlərin formalaşması və regionlarda elektron hökumət quruculuğu üçün ilk öncə hüquqi-normativ bazanın yaradılmasının və pilot qaydada rayonları və bir neçə elektron xidmətləri seçməklə ikin addımların  atılmasının vacibliyi, xidmətlərin elektron formaya keçirilməsinin hüquqi əsaslarının yaradılmasının vacibliyi qeyd edilib.

Tədbirdə ilk növbədə region üçün ictimai-sosial əhəmiyyətli xidmətlərin elektron formaya keçirilməsi, maliyyyə resurslarının ayrılması  və kadr potensilanın gücləndirilməsi ilə bağlı təkliflər də irəli sürülüb.

İctimai Şuranın toplantısında yerli icra orqanlarında elektron xidmətlərin formalaşması istiqamətində səsləndirilən fikir və rəyləri ümumiləşdirərək Təkliflər hazırlamaq və aidiyyatı qurumların və maraqlı tərəflərin  iştirakı ilə geniş müzakirə keçirmək qərara alınıb.

Məltəm Talıbzadə


Tarix: 25/05/2016