Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək
16/05/2016 617

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

Yaxın günlərdə  Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə (VXSİ) Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçiriləcək.

Xeberler.az-ın məlumatına görə, toplantıda yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında elektron xidmətlərin təşkili ilə bağlı  müzakirələr aparılacaq.

Məlum olduğu kimi, hazırda mərkəzi icra orqanları tərəfindən göstərilən xeyli sayda xidmətlər elektron formaya keçirilsə də, yerli icra orqanlarının xidmətlərinin elektron formaya keçirilməsi prosesi olduqca ləng gedir.

Hazırda yerli icra hakimiyyətləri tərəfindən 40-dək xidmət göstərilir ki, onların cəmi bir neçəsi elektron formada təqdim edilir.

Yerli icra orqanlarının rəsmi saytları da bir-birini təkrarlayır. Bu resurslarda yerli icra qurumlarının təqdim etdikləri xidmətlər haqqında da məlumata rast gəlinmir.

İctimai Şuradan bildirilib ki, müzakirələrin yekunu olaraq regionlarda elektron hökumət quruculuğunun sürətləndirilməsi məqsədilə Təkliflərin hazırlanması planlaşdırılır.

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura tərəfindən hazırlanan  təkliflərin VXSİ Dövlət Agentliyinə təqdim edilməsi nəzərdə tutulub.

Günel


Tarix: 16/05/2016