Elektron Xidmətlərin təşviqi üzrə İctimai Şuranın Toplantısı keçirilib
15/03/2015 3

Elektron Xidmətlərin təşviqi üzrə İctimai Şuranın Toplantısı keçirilib

Məlumat verdiyimiz kimi, bu gün Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib.

Xeberler.az-ın məlumatına görə, toplantıda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən hazırlanan dövlət xidmətlərinin Elektron Reyestrinin  təkmilləşdirilməsi ilə bağlı İctimai Şura tərəfindən hazırlanan təkliflər müzakirə olunub.

İctimai Şuranın Kordinatoru Osman Gündüz  hazırlanan təkliflər  layihəsi ilə  bağlı məlumat verib. Təkliflərin müzakirəsində İctimai Şuranın üzvləri Əliməmməd Nuriyev, Hafiz Həsənov, İsmayıl Ələkbərov, VXSİ Dövlət Agentliyinin şöbə müdiri Fariz Cəfərov, Hüquq şöbəsinin müdiri İlhamə Qədimova iştirak ediblər.

Müzakirələrdə Elektron Reyestrin ölkədə dövlət xidmətlərinin göstərilməsi sahəsində idarəetmənin təkmilləşdirilməsində, xidmətlərin keyfiyyətinin yüksəldilməsində və əlçatımlığında əhəmiyyətli rol oynayacağı qeyd edilib.

Gələcəkdə bu Reyestrin bütün dövlət xidmətlərinin  əsas məlumat bazası olaraq qəbul edilməsi, istənilən mərkəzi və yerli icra orqanlarının, həmçinin də dövlət büdcəsindən maliyyələşən qurumların bütün xidmətləri haqqında məlumatların da bu Elektron Reyestrdə daxil edilməsinin faydalı olacağı  vurğulanıb.

İctimai Şuranın  müzakirələrində Reyestrə daxil edilən bütün dövlət xidmətləri haqqında məlumatların eyni zamanda həmin dövlət qurumunun rəsmi internet resursunda “Dövlət xidməti” bölməsində yerləşdirilməsinin də vacibliyi qeyd edilib. Həmçinin, Reyestrə daxil edilən  informativ xarakterli dövlət xidmətlərinin  həm də ASAN tərəfindən təqdim edilməsinin faydalı olacağı bildirilib.

Toplantıda yerli icra orqanlarının təqdim etdikləri xidmətlər haqqında  məlumatların  Reyestrdə öz əksini tapması yüksək qiymətləndirilib  və bu xidmətlərin elektron formaya keçirilməsi istiqamətində addımların atılması, maraqlı  tərəflərin iştirakı ilə bu istiqamətdə müzakirələrin təşkil olunmasının vacibliyi vurğulanıb. Ümumiyyətlə  Reyestrə daxil edilən, lakin elektron formaya keçirilməyən xidmətlərin də elektron formaya keçirilməsi ilə bağlı tədbirlər planının hazırlanmasının da zəruri olduğu qeyd edilib.

 İctimai Şuranın toplantısında dövlət xidmətlərinin göstərilməsi ilə bağlı mərkəzi və yerli icra orqanları tərəfindən hesabatların  hazırlanmasının  və bununla bağlı vahid qaydaların müəyyən olunmasının vacibliyi ətrafında müzakirələr aparılıb.

İctimai Şuranın bugünkü toplantısında  ölkədə “Dövlət xidmətləri haqqında” Qanun layihəsinin hazırlanması ilə bağlı fikir mübadiləsi də aparılıb və belə bir hüquqi sənədin olmasının faydalı olacağı qeyd edilib.

 Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın  hazırladığı təkliflər VXSİ Dövlət Agentliyinə təqdim ediləcək.

 Məlum olduğu kimi, "Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanına uyğun olaraq VXSİ Dövlət Agentliyi tərəfindən ELEKTRON Reyestr hazırlanıb.  Bir müddət öncə Elektron Reyestrin təqdimatı da keçirilib.

Hazırda bu Reyestrə  115 dövlət orqanın 676 xidməti barədə məlumat yerləşdirilib. 115 dövlət qurumunun 290 elektron xidməti haqqında məlumatlar da bazaya əlavə edilib.

Xeberler.az


Tarix: 15/03/2015