Hansı dövlət qurumları FİN-ə uyğunlaşmayıb ?
11/02/2015 18

Hansı dövlət qurumları FİN-ə uyğunlaşmayıb ?

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura dövlət qurumlarında əhaliyə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi, genişləndirilməsi və şəffaflığın artırılması məqsədilə monitorinqə başlayıb.

Xəbərlər.az-ın məlumatına görə, monitorinq prosesində əsasən dövlət qurumlarında formalaşan informasiya sistemlərinin Fərdi indentifikasiya nömrəsinə (FİN) inteqrasiyası məsələsi araşdırılacaq.

Qeyd edək ki, ölkə başçısının müvafiq Fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına görə dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin Rabitə və Yüksək Texnologiyalar nazirliyi tərəfindən dövlət qeydiyyatı (reyestri) aparılmalıdır. Həmçinin bütün Mərkəzi icra orqanları öz tabeliklərində olan infromasiya sistemlərində Fərdi indentifikasiya nömrələrini tətbiq etməlidirlər. 

FİN informasiya sistemlərində eyni bir şəxs haqqında məlumatların uzlaşdırılmasını, bu sahədə pərakəndəliyin və təkrarlığın qarşısının alınmasını təmin edir və bu baxımdan elektron hökumət quruculuğunun əsas elementlərindən biridir.

Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuradan bildirilib ki indiyədək cəmi 15 dövlət qurumunun informasiya sistemi FİN-ə inteqrasiya olunub. Xeyli sayda dövlət qurumlarına məxsus olan və RYTN-nin reyestrində qeyd olunan infromasiya sistemlərinin indiyədək FİN-ə uyğunlaşdırılmadığı bildirilib.

Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura FİN tətbiq edilməyən dövlət orqanlarının siyahısını müəyyən edərək bu sahədə işlərin canlandırılması üçün təkliflər hazırlamağı nəzərdə tutur. 

Təkliflər RYTN və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim olunacaq. 


Tarix: 11/02/2015