“Vətəndaşların e-xidmətlərdən istifadə səviyyəsi və e-xidmətlərə tələbat mövzusunda dəyirmi masa keçirilib
25/06/2014 672

“Vətəndaşların e-xidmətlərdən istifadə səviyyəsi və e-xidmətlərə tələbat mövzusunda dəyirmi masa keçirilib

Bu gün Multimedia Mərkəzi və Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın təşkilatçılığı ilə “Vətəndaşların e-xidmətlərdən istifadə səviyyəsi və e-xidmətlərə tələbat” mövzusunda Dəyirmi Masa keçirilib.
 
Multimedia Mərkəzinin direktoru, Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın 
kordinatoru Osman Gündüz tədbiri açaraq onun əsas məqsədi haqqında məlumat verib. 
O, son dövrlərdə ölkədə elektron hökumət quruculuğu istiqamətində xeyli addımların atıldığını diqqətə çatdırıb. Bununla belə vətəndaşların elektron xidmətlərdən effektiv istifadəsi sahəsində müəyyən problemlərin olduğunu bildirib.
 
Osman Gündüz “Elektron xidmətlərdən istifadənin vəziyyəti” mövzusunda təqdimat edib. Təqdimatda ölkədə elektron xidmətlər sahəsində mövcud vəziyyət, elektron xidmətlərdən istifadənin statistikası və elektron xidmətlərdən istifadə sahəsində mövcud problemlər qeyd edilib. Təqdimatda kütləvi xidmətlərin yetərincə elektron formaya keçirilmədiyi, mövcud elektron xidmətlərin tanıtımının aparılmadığı, bəzi xidmətlərin keyfiyyətsizliyi, bir sıra hallarda “bir pəncərə” prinsipinə əməl olunmadığı və dövlət qurumlarının informasiya sistemlərinin inteqrasiya olunmadığı əsas problemlər olaraq qeyd edilib. Təqdimatda problemlərin səbəbləri və aradan qaldırılması yolları da sadalanıb.
 
Tədbirdə mövzu ilə bağlı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət 
Agentliyinin bölmə müdiri Ulduz Xəlilova “Elektron xidmətlərin keyfiyyəti və elektron  xidmətlərin təqdim edilməsi prosesində vətəndaşların məmnunluğu” mövzusunda təqdimat edib. Təqdimatda elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, tam elektronlaşma  prosesinin başa çatdırılmasına, daha vacib əhəmiyyətli xidmətlərin elektron formaya       keçirilməsinə diqqət yetirilməsinin vacibliyi vurğulanıb.
Elektron Hökumət Portalının əməkdaşı İlqar Abdullayev "Elektron hökumət" portalı vasitəsilə istifadə olunan xidmətlərin statistikası” mövzusunda təqdimatla çıxış edib. O , təqdimatda Portaldan istifadə statistikasını açıqlayıb və xidmətlərdən az istifadə edilməsinin səbəblərini də açıqlayıb. İ. Abdullayev “bir pəncə” prinsipinə heç də bütün dövlət qurumları tərəfindən əməl olunmadığını, Fərdi identifikasiya nömrəsinə uyğunlaşmanın yetərli olmadığını, informasiya sistemləri arasında inteqrasiyanın aşağı səviyyədə olduğunu və qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirib.
 
Mövzu ətrafında müzakirələr aparılıb. Müzakirələrdə Sahil şirkətinin direktoru və AİF 
üzvü Vahid Qasımov, İREX –in əməkdaşı Ələsgər Məmmədli , Vergilər nazirliyinin 
nümayəndəsi Azər Şirinov, Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi Sabir Qocayev,
media təmsilçisi Ellada Müstafayeva, Mədəniyyət və Turizm Nazirliyinin İT departamentinin rəhbəri Qabil Abbasov, Ekologiya və Təbii sərvətlər Nazirliyinin nümayəndəsi Şövkət Bəkirov , Səfərbərlik və Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi Malik Məmmədov, Dövlət Gömrük Komitəsinin nümayəndəsi Anar Süleymanov, SİNAM şirkətinin nümayəndəsi Firudin Əhmədov, Şəffaflıq Azərbaycan qurumunun nümayəndəsi Muradov Məhəmməd, Ombudsman Aparatının nümayəndəsi Faiq Ağayev, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Rauf Cabbarov və digərləri çıxış ediblər.
 
 
Çıxışlarda elektron xidmətlərin inkişafı istiqamətində ölkədə xeyli addımların atıldığı diqqətə çatdırılıb. Bununla belə çıxışlarda xidmətlərin tanıtımı və reklamı ilə bağlı işlərin qaydasında olmadığı, bir sıra hallarda xidmətlərə əlçatımlığın yetərli olmadığı və keyfiyyətin aşağı olduğu, texniki problemlərin mövcud olduğu, elektron xidmətlərdən istifadə üzrə statistik məlumatların dərc edilməsinin vacibliyi, kütləvi və ictimai əhəmiyyət kəsb edən xidmətlə əlçatımlığın təmin edilməsi, bir sıra hallarda zəruri maliyyə resurslarının çatışmadığı və Portalın çevikliyinin artırılmasının vacibliyi məsələləri xüsusilə vurğulanıb. 
 
Çıxışlarda maraqlı tərəflərin iştirakı ilə bu cür müzakirələrin təşkilinin də kifayət qədər faydalı olması və bu cür müzakirələrin davam etdirilməsinin vacibliyi qeyd edilib.
 
RYTN nümayəndəsi R. Cabbarov ölkədə elektron hökumət quruculuğu istiqamətində atılan addımlardan və görüləcək işlərdən söz salaraq, Elektron hökumət quruculuğu istiqamətində xüsusi dövlət Proqramının layihəsinin də müzakirələrdən keçirilərək hazırlandığını və hökumətə təqdim edildiyini diqqətə çatdırıb.
 
Tədbirin sonunda qeyd olunan təkliflərin ümumiləşdirilərək Elektron xidmətlərin təşviqi üzrə İctimai Şurada bir daha müzakirə ediləcəyi və müvafiq dövlət qurumların təqdim ediləcəyi bildirilib.
 
Tədbirdə hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
 
Tədbir Multimedia Mərkəzi və Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın təşkilatçılığı və İREX/USAİD –in dəstəyi ilə keçirilib.
Tədbirdən  hazırlanan fotolar 

Tarix: 25/06/2014