Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərin inkişafı” mövzusunda Dəyirmi Masa keçirilib
04/03/2014 1867

Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərin inkişafı” mövzusunda Dəyirmi Masa keçirilib

Multimedia Mərkəzi tərəfindən keçirilən  “Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərin inkişafı” mövzusunda  Dəyirmi Masa keçirilib. 
 
Tədbirdə Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz informasiya  açıqlığı üzrə Mərkəzi və yerli icra   qurumlarının növbəti Hesabatını  və Reytinq  Cədvəlini  ictimaiyyətə təqdim edib. O, 6 ay ərzində  74 Mərkəzi icra orqanının və 67 Yerli icra hakimiyyətlərinin rəsmi internet resursunun monitorinqinin aparıldığını  qeyd edib.  O, rəsmi saytların 60  parametr üzrə kəmiyyət  və  keyfiyyət kriteriyaları və sosial əhəmiyyətlilik səviyyəsi nəzərə alınmaqla  informasiya  açıqlığı  vəziyyətinin analiz olunduğunu  bildirilib.  Hər bir qurum üzrə araşdırmaların yekunu olaraq icmal və tövsiyələr hazırlandığı diqqətə çatdırılıb.
Osman  Gündüz  informasiya açıqlığı sahəsində  əvvəlki illərlə müqayisədə müsbət irəliləyişlərin olduğunu  qeyd edib.
 


Monitorinqin nəticələrinə əsasən informasiya  açıqlığı üzrə Reytinq Cədvəlində 1-ci , 2-ci və 3-cü yerləri müvafiq olaraq   Vergilər Nazirliyi (74%), DSMF (68.5%) və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (67%) tutub. Sonuncu yerlər isə Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası  və  Müdafiə Nazirliyinə məxsusdur. 
 
 
74 Mərkəzi icra qurumları üzrə orta informasiya  açıqlığı  göstəricisi  39 % ( ötən il 33.5%) olub.
Yerli icra hakimiyyətləri (şəhər və rayon) üzrə orta informasiya açıqlığı göstəricisi isə cəmi 12.7 %  ( ötən il : 7 %) olub.
 
Yerli İcra qurumları arasında 1-ci , 2-ci və 3-cü yerləri Binəqədi İH(22.5%), Sabunçu İH (21.7%) və Yasamal İH(21.6) əldə edib. Şəhər icra hakimiyyətləri içərisində 1-ci yeri Şirvan şəhər İH (22.2 %) tutub.
 
 
Bununla belə dövlət qurumlarının, xüsusən də yerli icra qurumların informasiya açıqlığı sahəsində ciddi problemlərin qaldığı da diqqətə çatdırılıb.
Cəmi 21 Mərkəzi  icra orqanının informasiya açıqlığı üzrə 50%-lik həddi keçə bildiyi vurğulanıb. 
 
İnformasiya  açıqlığı sahəsində dövlət  qurumları arasında kəskin informasiya bərabərsizliyi olduğu da qeyd olunub. Belə  ki cari ildə 10 ən yaxşıların açıqlıq göstəricisi 64 % olduğu halda ,  sonuncu yerləri tutan 10  dövlət qurumunun açıqlıq əmsalı cəmi  16% dir.
 
 
Dəyirmi Masada Multimedia Mərkəzinin Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura ilə birgə hazırladığı  “Kütləvi və sosial-ictimai əhəmiyyət kəsb edən xidmətlərin Siyahısı” da ictimaiyyətə  təqdim olunub. Siyahını  təqdim edən Osman Gündüz  bu Siyahıya 120 xidmətin daxil olduğunu diqqətə çatdırıb.  Onlardan 83 xidmətin hökumət tərəfindən təsdiq olunan xidmətlər içərisində olmadığını bildirib.
Siyahının hazırlanmasında məqsədin daha vacib və kütləvi tələbat olan  xidmətlərin ilk növbədə elektron formaya keçirilməsinə kömək etmək, vətəndaşların elektron xidmətlərdən bəhrələnməsi prosesini sürətləndirmək və şəffaflığı gücləndirmək olduğu  bildirilib.
 
 
Dəyirmi Masada Şəffaflıq  Azərbaycan qurumundan Rəna Səfərəliyeva və Məhəmməd Muradov,  Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndəsi   Asəf Əliyev, İREX –in əməkdaşı Ələsgər Məmmədli , Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri Vasif Mövsümov, ekspert, Mətbuat Şurasının üzvü  Azər Həsrət, İqtisadi Tədqiqatlar Mərkəzinin nümayəndəsi Rəcəb İmanov,  VXSİ Dövlət Agentliyinin şöbə müdiri Ceyhun Salmanov , Binəqədi İcra Hakimiyyətinin şöbə müdiri Anar Səfərov, Ekologiya və Təbii Sərvətlər nazirliyinin nümayəndəsi Amil Səfiyev, Dövlət Gömrük Komitəsinin nümayəndəsi Anar Süleymanov, Hesablama Palatasının nümayəndəsi Nailə  Qazıyeva, media təmsilisi Sevda Əsgərova     və digərləri çıxış ediblər. 
 
Çıxışlarda aparılan Monitorinqin mühüm əhəmiyyət kəsb etməsi vurğulanıb. Bu sahədə son illərdə xeyli irəliləyişlərin olduğunu bildiriblər. 


Çıxışlarda həmçinin hələ də açıqlanması məcburi olan informasiyaların xeyli hissəsinin həm Mərkəzi, həm də yerli icra orqanlarının  saytlarından əldə edilməsinin mümkünsüzlüyü qeyd olunub. Bu sahədə dövlət nəzarətini həyata keçirməli olan  dövlət qurumunun da  fəaliyyətinin zəif olması vurğulanıb .  Yerli icra orqanlarının informasiya açıqlığı sahəsindəki mövcud vəziyyətin aşağı səviyyədə olması vurğulanıb.
 
Monitorinqin nəticələrinin ictimailəşdirilməsinin və davamlı olaraq  aparılmasının  zəruriliyi qeyd olunub.
 
 
Təqdimat mərasimində hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun təmsilçiləri, beynəlxalq  təşkilatların  nümayəndələri  iştirak edib.  Layihə İREX/USAİD Azərbaycan  tərəfindən dəstəklənib

Tarix: 04/03/2014