Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək
16/12/2016 1065

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

Dekabrın 21-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə (VXSİ) Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti iclası keçiriləcək.

Xeberler.az-ın məlumatına görə, iclasda Açıq məlumat bazalarının “Açıq Hökumət Məlumatları” portalına inteqrasiya məsələsi müzakirə ediləcək.

Məlumat verdiyimiz kimi, 2015-ci ilin əvvəlində data.gov.az - “Açıq Hökumət Məlumatları” portalı istifadəyə verilib.

Data.gov.az portalının yaradılmasında əsas məqsəd məlumatların istifadəsi və onların əsasında əlavələrin yaradılması vasitəsilə cəmiyyətə dövlətin idarə edilməsində iştirak etmək imkanının yaradılması, hərtərəfli təhlil və tədqiqatların aparılmasıdır.

Açıq məlumatlar Açıq Hökümət təşəbbüsünün bir hissəsi kimi Elektron Hökümətin ayrıca bir elementidir. Data.gov.az portalı vasitəsi ilə cəmiyyət dövlət orqanları tərəfindən yaradılan məlumatlar toplusunu asanlıqla tapa, yükləyə və istifadə edə bilər.

Qeyd edək ki, açıq məlumatlar - dövlət orqanlarının və yerli hakimiyyət orqanlarının fəaliyyəti haqqında insan tərəfindən dəyişiklik edilmədən təkrar istifadə məqsədilə avtomatik emalı təmin edilən, internetdə şəbəkə formatında yerləşdirilmiş məlumatlardır.

Açıq Hökumət Məlumatları portalında hazırda bir sıra dövlət qurumları tərəfindən çox az sayda , cəmi 25 növ məlumat bazaları açıq edilib və bu məlumatlar əsasında artıq bir sıra veb və mobil proqramlar hazırlanıb.

Görəsən, digər ölkələrlə müqayisədə dövlət qurumlarına məxsus olan çoxlu sayda açıq məlumatlar bazaları portala nə üçün daxil edilmir ?.  Bu proses niyə ləng gedir?.

Bunun səbəbləri İctimai Şuranın gələn həftə keçiriləcək iclasında müzakirə ediləcək.

Toplantıda digər əlaqədar dövlət qurumlarının da nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Xeberler.az


Tarix: 16/12/2016