MyGov sisteminin ilkin təqdimatı keçirilib
13/03/2019 1908

MyGov sisteminin ilkin təqdimatı keçirilib

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısında Elektron Hökumətin İnkişafı Mərkəzinin (eGov Mərkəzi) hazırladığı “MyGov” sisteminin ilkin təqdimatı keçirilib.

Elektron Hökumətin İnkişafı Mərkəzinin nümayəndələri “MyGov” sistemini təqdim edib, bu istiqamətdə görülən işlər, sistemin hazırkı vəziyyəti və perspektivdə nəzərdə tutulmuş məsələlərlə bağlı məlumat veriblər. Bildirilib ki, “MyGov” sistemi Elektron Hökumət portalında vətəndaşlarla bağlı “Şəxsi kabinet”in yaradılmasını və vətəndaşla əlaqəli bütün bildirişlərin, arayışların və digər məlumatların, həmçinin xidmətlərin buraya cəlb olunmasını nəzərdə tutur. Hazırda sistemdə vətəndaşın FİN koduna uyğun olaraq onunla əlaqəli müxtəlif dövlət qurumunda olan bir xeyli bildirişlər, məlumatlar və digər vacib informasiyalar yerləşdirilib. Vətəndaşla bağlı digər dövlət qurumlarında olan məlumatların bu sistemə inteqrasiyası istiqamətində işlər davam etdirilir.

Tədbir iştirakçıları bildiriblər ki, “MyGov” sistemi elektron hökumət quruculuğuna çox müsbət təsir edəcək, elektron xidmətlərin populyarlığı və faydalılığı xeyli artacaq. İctimai Şura üzvləri “MyGov”la bağlı təklif və rəylərini diqqətə çatdırıblar.

Qeyd olunub ki, “MyGov” sisteminin ictimaiyyət üçün geniş təqdimatı yaxın müddətdə keçirilməsi nəzərdə tutulub.


Tarix: 13/03/2019