“Elektron hökumət”in inkişafına dair DÖVLƏT PROQRAMI (Layihə)
2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair
DÖVLƏT PROQRAMI
1. Giriş
Son illər Azərbaycan Respublikasında aparılan uğurlu islahatlar iqtisadiyyatın və sosial sahələrin ən qabaqcıl texnologiyaların tətbiqi ilə modernləşdirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına, vətəndaşlara yüksəkkeyfiyyətli xidmətlərin göstərilməsinə və ümumilikdə ölkənin hərtərəfli inkişafına şərait yaratmışdır. Nəticədə ölkə iqtisadiyyatı mötəbər beynəlxalq maliyyə qurumlarının qiymətləndirmələrinə əsasən rəqabət qabiliyyətliliyinə görə MDB məkanında 1-ci, dünya miqyasında isə 46-cı yerə yüksəlmişdir.
Respublikada digər sahələrdə olduğu kimi informasiya-kommunikasiya texnologiyalarının (bundan sonra-İKT) inkişafı istiqamətində də düşünülmüş və məqsədyönlü siyasətin ardıcıl həyata keçirilməsi ölkənin sosial-iqtisadi həyatında böyük irəliləyişlərə səbəb olmaqla, dövlət idarəçiliyində müasir meyarlara uyğun təkmilləşdirilmə prosesini sürətləndirmişdir.
Azərbaycan Respublikasında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi dövlət idarəçiliyinin inkişafının əsas istiqamətlərindəndir.
“Elektron hökumət”in formalaşdırılması və elektron xidmətlərin inkişaf etdirilməsi dövlət idarəçiliyində, “hökumət-vətəndaş” və “hökumət-biznes” münasibətlərində daha şəffaf və operativ əlaqələrin qurulmasına yönəldilmişdir.
“Elektron-hökumət”in formalaşdırılması və dövlət hakimiyyəti orqanlarında informasiya texnologiyalarının genişmiqyaslı istifadəsi üzrə respublikada aparılan fəaliyyətin əsası Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 2003-cü il 17 fevral tarixli 1146 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” ilə qoyulmuşdur. Milli Strategiyanın həyata keçirilməsi ilə əlaqədar olaraq müxtəlif sahələrin inkişaf etdirilməsi üzrə qəbul edilmiş çoxsaylı Dövlət proqramlarında İKT-nin tətbiqinə, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin daha keyfiyyətli təşkilinə yönəldilmiş məqsədyönlü tədbirlər nəzərdə tutulmuşdur. Görülmüş işlər nəticəsində bu sahədə davamlı inkişaf təmin edilmiş və Milli Strategiya ilə qarşıya qoyulmuş prioritetlərə nail olmaq üçün mühüm addımlar atılmışdır.
Son illərdə ölkədə informasiya cəmiyyətinin bərqərar olması və onun tərkib hissəsi kimi İKT-nin geniş tətbiq edilməsi istiqamətində sistemli fəaliyyət həyata keçirilir. İKT sahəsinə verilən diqqət və bu sahədə əldə edilmiş uğurlar nəzərə alınaraq, 2013-cü il Azərbaycan Respublikasının Prezidenti tərəfindən “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir.
Dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafının təmin edilməsi üçün elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərə mobil rabitə, məlumat köşkləri və digər müasir vasitələrlə çıxışın təmin edilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi zəruridir.
2. Mövcud vəziyyət
2.1. “Elektron hökumət”in formalaşdırılması üzrə fəaliyyətin əsasını “hökumət- hökumət”, “hökumət-vətəndaş” və “hökumət-biznes” münasibətləri təşkil edir.
2.2. “Hökumət-vətəndaş” və “hökumət-biznes” münasibətlərinin lazımi səviyyədə həyata keçirilməsi üçün dövlət orqanları arasında elektron xidmətlərin yüksək səviyyədə olması zəruri əhəmiyyətə malikdir. Dövlət orqanlarının informasiya ehtiyatlarının elektron formada olması, mövcud olan informasiya sistemləri və ehtiyatları arasında inteqrasiyanın təmin edilməsi və məlumat mübadiləsinin elektron mühitdə aparılması “hökumət-hökumət” əlaqələrinin tərkib hissələridir.
2.3. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı “elektron hökumət”in formalaşdırılması və elektron xidmətlərin inkişaf etdirilməsi prosesinin daha da geniş vüsət almasına xidmət etmişdir.
2.4. Müxtəlif dövlət orqanlarının xidmətlərinə çıxışı təmin edən “elektron-hökumət” portalı və şlüzünün yaradılması, inzibati reqlamentlərin hazırlanması, bir çox orqanlar üzrə elektron xidmətlərin təşkili, idarədaxili elektron sənəd dövriyyəsinin tətbiqinə başlanılması, elektron imzanın tətbiqi üzrə Açıq Açar İnfrastrukturunun qurulması və Milli Sertifikat Mərkəzinin yaradılması “elektron-hökumət”in formalaşdırılması sahəsində görülən tədbirlər sırasındadır. Hazırda 39 dövlət orqanının informasiya sistemi “elektron hökumət” portalına qoşulmuşdur və 200-dən artıq elektron xidmət portalda cəmləşdirilmişdir.
2.5. Hal-hazırda Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti onlayn qeydiyyata alınır, ölkəyə gətirilən və aparılan mallar elektron formada bəyan edilir, daşınmaz əmlakla bağlı sənədlərin, müxtəlif fəaliyyət növlərinə lisenziyaların, icazələrin verilməsi, pensiya və ünvanlı sosial yardımların təyinatı, telefon çəkilişi və internetə qoşulmaq üçün müraciətlərin və tələb olunan sənədlərin qəbulu elektron formada həyata keçirilir.
2.6. “Elektron-hökumət”in formalaşdırılması sahəsində müvafiq işlərin görülməsinə baxmayaraq, dövlət orqanlarında İKT-nin tətbiqi ilə əlaqədar aşağıdakı bir sıra vacib məsələlərin həlli qalmaqdadır:
2.6.1. dövlət orqanlarının kağız və digər maddi daşıyıcılar üzərində mövcud olan məlumatlarının elektron formaya keçirilməsi və müvafiq informasiya sistemlərinin yaradılması;
2.6.2. dövlət orqanlarının mövcud informasiya sistemləri və ehtiyatlarının (məlumat bazalarının, məlumat-axtarış sistemlərinin, reyestrlərin və digər informasiya resurslarının) “elektron hökumət” portalına inteqrasiyası və onlar arasında informasiya mübadiləsinin portalın şlüzü vasitəsilə təmin edilməsi;
2.6.3. informasiya sistemləri və ehtiyatlarının formalaşdırılması ilə bağlı vahid təşkilati texniki tələblərin müəyyənləşdirilməsi;
2.6.4. müxtəlif informasiya sistemlərində və ehtiyatlarında eyni məlumatların təkrar daxil edilməsinin qarşısının alınması;
2.6.5. dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsinin səmərəliliyinin artırılması məqsədi ilə fərdi identifikasiya nömrələrinin tətbiqi;
2.6.6. informasiya ehtiyatlarından istifadənin ünvanlılığının təmin edilməsi, təhlükəsizliyinin artırılması və fərdi məlumatların mühafizəsi məqsədi ilə elektron imza sertifikatından istifadə edilməsi.
2.7. Ölkədə elektron xidmətlərin geniş tətbiqinin təmin edilməsi üçün bu sahədə işlərin mərkəzi icra hakimiyyəti orqanları ilə yanaşı yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında da aparılması zəruridir. Hazırda yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqinin digər dövlət orqanlarına nisbətən geri qalması bu qurumların elektron xidmətlər göstərməsini ləngidən əsas səbəblərdəndir. Yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin İKT-nin tətbiqi ilə səmərəliliyinin artırılması, onlar tərəfindən elektron xidmətlərin təşkili və “elektron hökumət” infrastrukturlarına inteqrasiyasının təmin edilməsi üçün bir sıra hüquqi, texniki və təşkilati məsələlər öz həllini tapmalıdır.
2.8. Modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığının təmin edilməsi və bürokratik əngəllərin aradan qaldırılması üçün “elektron hökumət”in inkişafı və əhaliyə elektron xidmətlərin göstərilməsi istiqamətində tədbirlərin davam etdirilməsi zəruridir. Bu sahədə yuxarıda qeyd edilən işlər davam etdirilməklə normativ hüquqi baza inkişaf etdirilməli və dövlət orqanlarının informasiya sistemlərinin və ehtiyatlarının yaradılması təmin olunmalıdır. Eyni zamanda, mövcud informasiya ehtiyatlarının təkmilləşdirilməsi və məlumatların vahidliyinin təmin olunması, dövlət informasiya ehtiyatlarına məlumatların daxil edilməsinin reqlamentləşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və xidmətlərin göstərilməsinin sadələşdirilməsi vacibdir.
3. Dövlət Proqramının məqsədi
3.1. Dövlət Proqramının məqsədi “elektron hökumət”in formalaşdırılması və elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində ölkədə indiyədək aparılmış işlərin davam etdirilməsi, bu sahədə ardıcıl və məqsədyönlü addımların atılması ilə müasir informasiya cəmiyyətinin tələblərinin təmin edilməsidir.
3.2. Dövlət Proqramında qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün aşağıdakı məsələlərin həlli nəzərdə tutulur:
3.2.1. sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi;
3.2.2. dövlət orqanlarının zəruri informasiya sistemləri və ehtiyatlarının müəyyənləşdirilmiş tələb və standartlara uyğun qaydada yaradılması, inteqrasiyası, təhlükəsizliyinin təmin edilməsi və mövcud informasiya sistemləri və ehtiyatlarının təkmilləşdirilməsi;
3.2.3. dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsi prosesinin təkmilləşdirilməsi (vahid informasiya fəzasının yaradılması);
3.2.4. modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığının təmin edilməsi və bürokratiyanın aradan qaldırılması ilə “hökumət-vətəndaş” münasibətlərində yeni müstəviyə keçidin təmin edilməsi, vətəndaş məmnunluğunun artırılması;
3.2.5. əhaliyə elektron xidmətlərin göstərilməsinin keyfiyyətinin və əlçatan olmasının artırılması, əhatə dairəsinin genişləndirilməsi;
3.2.6. yerli özünüidarəetmə orqanları tərəfindən elektron xidmətlərin göstərilməsi.
4. Dövlət Proqramının əsas istiqamətləri
4.1. “Elektron hökumət”in inkişafı istiqaməti aşağıdakılardan ibarətdir:
4.1.1. “elektron hökumət” infrastrukturunun inkişaf etdirilməsi;
4.1.2. dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsinin təkmilləşdirilməsi;
4.1.3. “elektron hökumət” portalının təkmilləşdirilməsi və ondan səmərəli istifadənin təmin edilməsi;
4.1.4. İKT sahəsində kadr potensialının gücləndirilməsi;
4.1.5. vətəndaşların “elektron hökumət” üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi;
4.1.6. dövlət qulluqçularının İKT biliklərinin artırılması üzrə təlimlərin keçirilməsi;
4.1.7. müvafiq sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi.
4.2. İnformasiya sistemlərinin və ehtiyatlarının yaradılması və təkmilləşdirilməsi istiqaməti aşağıdakılardan ibarətdir:
4.2.1. informasiya sistemlərinin monitorinqinin həyata keçirilməsi;
4.2.2. sahələr üzrə dövlət orqanlarının zəruri informasiya sistemlərinin və ehtiyatlarının yaradılması və mövcud informasiya ehtiyatlarının təkmilləşdirilməsi;
4.2.3. fərd haqqında olan məlumatların Fərdi İdentifikasiya Nömrəsi (FİN) ilə əlaqələndirilməsi;
4.2.4. yerli özünüidarəetmə orqanlarının zəruri informasiya sistemlərinin və ehtiyatlarının yaradılması və mövcud informasiya ehtiyatlarının təkmilləşdirilməsi.
4.3. Elektron xidmətlərin təkmilləşdirilməsi istiqaməti aşağıdakılardan ibarətdir:
4.3.1. dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmələrin davam etdirilməsi və elektron xidmətlərin təşkili və göstərilməsinin təkmilləşdirilməsi (şəklə uyğun olaraq);
4.3.2. elektron xidmətlərin portativ (mobil) qurğular üzərindən həyata keçirilməsi (mobil xidmətlər), elektron ödənişin genişləndirilməsi;
4.3.3. yerli özünüidarəetmə orqanlarında elektron xidmətlərin tətbiqi və inkişaf etdirilməsi;
4.3.4. elektron imzadan istifadənin genişləndirilməsi və mobil imzanın tətbiqi.
5. Gözlənilən nəticələr
5.1. Dövlət Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:
5.1.1. “elektron hökumət”in inkişafına və dövlət orqanlarının əhaliyə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsinə şərait yaradan normativ hüquqi baza formalaşdırılacaq;
5.1.2. elektron xidmətlərin göstərilməsi zamanı istifadə olunan informasiya ehtiyatlarının və onlardan əldə edilməsi zəruri olan məlumatların tərkibinin müəyyən olunması və bu məlumatların “elektron hökumət” portalı vasitəsilə istifadəsi təmin ediləcək;
5.1.3. dövlət orqanlarının informasiya ehtiyatlarının elektron formaya keçirilməsinin sürətləndirilməsi təmin ediləcək;
5.1.4. dövlət informasiya ehtiyatlarının və sistemlərinin vahid tələblər əsasında yaradılması, inteqrasiyası və təhlükəsizliyi təmin ediləcək;
5.1.5. vahid informasiya fəzası formalaşdırılacaq;
5.1.6. “elektron hökumət” portalının işi təkmilləşdiriləcək, elektron xidmətlərdən istifadə sadələşdiriləcək və dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqi genişləndiriləcək;
5.1.7. dövlət orqanları arasında elektron xidmətlərin inkişaf etdirilməsi, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin və əlçatan olmasının artırılması, əhatə dairəsinin genişləndirilməsi təmin ediləcək;
5.1.8. yerli özünüidarəetmə orqanları tərəfindən elektron xidmətlərin göstərilməsi təmin ediləcək;
5.1.9. inzibati proseslərin təkmilləşdirilməsi və hesabatlılığın gücləndirilməsi yolu ilə vətəndaş məmnunluğu artırılacaq və “hökumət-vətəndaş” münasibətlərində yeni müstəviyə keçid təmin ediləcək;
5.1.10. dövlət orqanları tərəfindən xidmətlərin İKT-nin nailiyyətlərindən istifadə edilməklə, həyata keçirilməsi nəticəsində izafi xərclər ixtisar ediləcəkdir.
Tarix: 08/07/2013
Digər xəbərlər
-
18/01/2017 115018/01/2017
-
16/12/2016 106516/12/2016
-
16/09/2016 109216/09/2016
-
28/06/2016 207428/06/2016