“Elektron Məhkəmə” ilə bağlı konfrans keçiriləcək
11/06/2014 674

“Elektron Məhkəmə” ilə bağlı konfrans keçiriləcək

İyunun 12-də, saat 11.00-da Bakıdakı “Qafqaz-Point” otelində “Açıq hökumət: “Elektron Məhkəmə” İnformasiya sisteminin quruculuğunun İctimai Müzakirəsi” adlı konfrans keçiriləcək.

Tədbirin təşkilatçıları Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Azərbaycan Hüquqşünasları Konfederasiyası, Ümumi Məhkəmə Hakimləri Assosiasiyası və AADİGT-dir.

Konfransda açılış nitqləri ilə Azərbaycan Hüquqşünasları Konfederasiyasının Sədri, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin Sədri Əli Hüseynli, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Sədri, Milli Məcisin deputatı Azay Quliyev və Ümumi Məhkəmə Hakimləri Assosiasiyasının Sədri, Yasamal rayon Məhkəməsinin Sədri Ələddin Cəfərov çıxış edəcək. Daha sonra məruzələr dinləniləcək.

Yasamal rayon məhkəməsinin hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) eksperti, hüquq üzrə fəlsəfə doktoru Ramil Qurbanov “Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasında yeni yanaşma” mövzusunda, Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz isə “Vətəndaş məmnunluğunun təmin edilməsində elektron hökumət və elektron məhkəmə informasiya sistemin rolu” mövzusunda çıxışlar edəcək.

Sonda çıxışlar ətrafında müzakirələr aparılacaq.

Qeyd edək ki, qeydiyyat saat 10.30-da başlayır.


Tarix: 11/06/2014